# SMM dərsləri 03 - Məhsulun təkcə gözəlliyi kifayət etmir

Bu məktub el dilində yazılmışdır. Əgər yazılanlar sənə çox sadə gəlsə, bu məktubun peşəkar dildə yazılmış versiyası da mövcudur. Peşəkar dildə yazılmış versiyasını oxumaq üçün linkə keçid et: 3. hissə — Yalnız vizual deyil, funksional təqdimat: Məhsulun dəyəri danışmalıdır

## İstəsən bu hissəni birgə oxuyaq? 👇

%[https://youtu.be/pb9ZttD1np8]

Təsəvvür et, sən alış-veriş mərkəzindəsən. Vitrində çox gözəl bir paltar görürsən — tərzi, rəngi, dizaynı möhtəşəmdir. Yaxınlaşırsan, amma nə qiymət var, nə material yazılıb, nə ölçü. Satıcı da ortalıqda yoxdur. Nə edirsən? Böyük ehtimalla başqa mağazaya gedirsən.

Sosial media da eynidir!

Çoxları sadəcə **gözəl şəkil** paylaşır, amma müştərinin əsas suallarına cavab vermir:

* Bu nə məhsuldur?

* Mənim işimə necə yarayacaq?

* Qiyməti, faydası, fərqi nədir?

Sanki gözləyirlər ki, müştəri şəkilə baxıb özü anlasın. Amma, axı, heç kim kahin deyil 😄

### Həqiqi satış sənəti

Yaxşı satıcı sadəcə paltarı göstərmir, onu müştəriyə izah edir:

* Kimin üçün daha uyğundur,

* Necə istifadə olunur,

* Onun digər məhsullardan nə fərqi var.

Bu, artıq **danışan vitrin** deməkdir. Sosial mediada isə “danışan vitrin” – yaxşı yazılmış, aydın, faydalı və maraqlı paylaşım mənasına gəlir.

### Paylaşım edərkən qızıl qaydalar:

1. **Sadə və aydın ol** – qəliz sözlərdən qaç.

2. **Problemi göstər** – müştəri niyə bu məhsula ehtiyac duyur?

3. **Həllini izah et** – məhsul və ya xidmət ona necə kömək edəcək?

4. **Dəyəri və fərqini göstər** – müştəri niyə səndən alsın?

### Metafora:

**Paylaşım = Mağazada satıcı**

Məhsulu sadəcə vitrində gözə soxmaqla olmur, onu izah edən “satıcı” (yəni paylaşımın özü) olmalıdır. Yoxsa, müştəri vitrinin önündən keçir və yoluna davam edir.

## Tapşırıq 1

**İndi təsəvvür et ki, söhbət sənin mağazandan gedir. Və sən öz məhsulunu təqdim edirsən.**

Özünə bu 3 sualı ver və cavablandır:

1. Müştəri məhsulun haqqında ilk növbədə nələri bilmək istəyir?

2. Müştəriyə maraqlı gələn məqamlar hansılardır?

3. Onun almağa qərar verməsinə mane olan suallar nədir?

### Nümunə (Online dil kursu)

1\. Müştəri nəyi öyrənmək istəyir?

* Qısa müddətdə danışa biləcəkmi?

* Evdən öyrənmək mümkündürmü?

* Həqiqətən ona lazım olacaqmı?

2\. Onu nələr maraqlandırır?

* Kurs neçə ay davam edəcək?

* Qiymət və ödəmə rahatdırmı?

* Dərslər interaktiv və əyləncəlidirmi?

3\. Satın almağına mane olan suallar nədir?

* Mən sıfırdan öyrənə bilərəmmi?

* Online dərslər canlı dərslər qədər faydalıdırmı?

* Tez bir nəticə əldə edə biləcəyəmmi?

## Tapşırıq 2

**İndi bu suallara cavab verən 3 post paylaşım mətni hazırla.**

Unutma:

Yalnız məlumat deyil — **kiçik bir hekayə**, **problemin özü** və **həlli də** olsun.

### Nümunə paylaşım 1

**Post başlığı:**

“Sıfırdan öyrənə bilərəmmi? Qorxmayın, bacaracaqsınız!”

**Post mətni:**

Ayşə ingilis dilini öyrənmək istəyirdi, amma sıfırdan başlaması ona qorxulu gəlirdi. Dostları ona deyirdi ki, "Sənə çətindir, artıq gecdir". Bizim *Online Dil Kursu*nda isə o, ilk dərsdən sonra artıq gündəlik ifadələri işlədə bildi. 6 həftə sonra o, xaricdə bir seminarda suallar verə, öz fikrini ifadə edə bilirdi.

Sən də sıfırdan başla və nəticə gör.

**CTA:**

“İlk dərsimiz ödənişsizdir. Linkə kliklə və bizimlə başla!”

### Nümunə paylaşım 2

**Post başlığı:**

“Online dərslər canlı dərslərdən zəifdir? Yanılırsan!”

**Post mətni:**

Tural online dərslərin faydasız olduğunu düşünürdü. Amma dərslərimizin interaktiv keçdiyini, qrup yoldaşları və müəllimlə canlı ünsiyyət qurduğunu gördükdə fikrini dəyişdi. İndi isə o, iş görüşmələrində ingilis dilində sərbəst danışır.

**CTA:**

“Canlı dərslərimizlə tanış olmaq istəyirsən? Şərhə + yaz!”

### Nümunə paylaşım 3

**Post başlığı:**

“Tez nəticə istəyirsən? O da mümkündür.”

**Post mətni:**

Gülnar bizə müraciət edərkən çox qisa zamanda öyrənməli olduğunu dedi. Biz ona intensiv proqram təklif etdik. Həftədə 3 dərs, praktiki tapşırıqlar və canlı müəllim dəstəyi ilə o, 1 ay ərzində ilk iş müsahibəsini uğurla ingiliscə keçdi.

Bilmək olmaz, bəlkə də, 2 ay sonra Gülnarın hekayəsin paylaşldığımız kimi sənin hekayəni də paylaşacağıq.

**CTA:**

“Nəticəni tez görmək istəyirsənsə, indi bizə yaz.”

## Əzcümlə:

Məhsulun gözəlliyi, tərtibatı vacibdir. Amma **satıcı** danışmadıqdan, izah etmədikdən sonra gözəlliyin çox da bir əhəmiyyəti qalmır.

> 🎯 Paylaşım = Mağazada sənin adından danışan bir satıcı. İndi artıq satıcını danışdırmağın vaxtıdır. Başla tapşırıqları bir-bir etməyə.

Və bir də bunu qulağına sirğa et: mükəmməl olmağa çalışma — **düzgün anlaşılan** post daha çox satır, nəinki yalnız gözəl görünən.

Növbəti (4-cü) hissədə isə biz bazarın səs-küyündə seçilmək üçün nələr etmək lazım olduğunu öyrənəcəyik. 😉

Növbəti hissədə görüşək!

Hörmətlə

[**Imamverdi Behbudlu**](https://instagram.com/imamverdibehbudlu)

[**Behbudlu Agency**](http://behbudlu.com/p/agency)\-nin [**Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri**](http://behbudlu.com/p/agency) haqqında ətraflı məlumat üçün [**buradan**](http://behbudlu.com/p/agency) keçid edin.

[**İmamverdi Behbudlu**](https://instagram.com/imamverdibehbudlu) ilə əlaqəyə keçmək və mentorluq proqramı haqqında ətraflı məlumat almaq üçün [**instaqram səhifəsini ziyarət edin.**](https://instagram.com/imamverdibehbudlu)