Skip to main content

Command Palette

Search for a command to run...

Storytelling: Sosial mediada viral videoların arxasındakı gizli strategiya

Updated
3 min read
Storytelling: Sosial mediada viral videoların arxasındakı gizli strategiya

Sosial mediada ən çox izlənən videoların sirri nədir? Əslində, burada heç bir möcüzə yoxdur. Kitablar, seriallar və videoların məşhur olmasının səbəbi hamısında eynidir: Storitellinq.

Chip Heath və Dan Heath’in "Made to Stick: Why Some Ideas Survive and Others Die" kitabında qeyd edilir ki, yadda qalan və viral olan ideyaların arxasında storitellinqin güclü istifadəsi dayanır.

Storitellinq nədir?

“Storitellinq” ifadəsi “story” (hekayə) və “telling” (danışmaq) sözlərinin birləşməsidir.

Sadə dillə desək, istənilən formada (kitab, film, video, təlim, TedX çıxışı və s.) bir fikri təsirli şəkildə çatdırmağın, diqqət çəkməyin və yadda qalmağın ən güclü yoludur.

Əslində, hər şey bir hekayədir. Bugünkü həyatımızın çoxu hekayələr danışmaq və eşitməklə keçir:

  • Bir kitab yazırsınızsa – ardıcıllığı olan bir hekayə qurursunuz. Məsələn, "Harry Potter" seriyası sadəcə əyləncəli bir nağıl deyil, eyni zamanda dostluq, cəsarət və seçimlər haqqında dərin bir hekayədir.

  • Bir video hazırlayırsınızsa – mövzunuzun “hekayəsini” insanlara çatdırırsınız. Məsələn, "Nike" reklamlarında uğur və cəsarət hekayələri vurğulanır. "Coca-Cola" isə paylaşmaq və birlikdə olmaq duyğusunu hekayələrinin mərkəzinə qoyaraq, emosional əlaqələr qurur.

  • Hətta biznes plan, yemək resepti və ya yeni geyim kombini də özlüyündə bir hekayə daşıyır. Bir aşpaz yemək hazırlayarkən reseptin arxasında ailə ənənələrini izah edərsə, bu, adi resepti bir hekayəyə çevirir.

Milyonlarla izlənmə: sırf təsadüf, yoxsa planlı strategiya?

Təsəvvür edin ki, insanlara real dəyər qatacaq, çox vacib bir problemi həll edəcək bir alət hazırlamısınız. Məsələn, bir mobil tətbiq, ya da fiziki bir cihaz və s. Böyük bir inamla bu alət haqqında insanlara danışmağa başlayırsınız: reklamlar, elanlar, şəkillər, videolar, görüşlər və s.

Amma bir də görürsünüz ki, bu alət haqqında danışdığınız zaman,

  • Çoxları heç sizi eşitmir.

  • Bəziləri eşidir, amma dinləmir.

  • Bəziləri dinləyir, amma nə anlatdığınızı başa düşmür.

  • Bəziləri başa düşür, amma ürəyinə yatmır, sizlə razılaşmır.

  • Bəziləri razılaşır, amma hərəkətə keçmək istəmir.

  • Bəziləri isə hərəkətə keçir, amma davamlı olmur.

Bütün bunlar sizi məyus edir.

Amma storitellinq elmini mənimsədikdən sonra, xüsusi strategiya və planla hekayənizi anlatmağa başladıqda fərqi görürsünüz:

  • İnsanlar sizi daha diqqətlə eşitir.

  • Sadəcə eşitmirlər, eyni zamanda dinləyirlər.

  • Dinlədiklərini başa düşür və razılaşırlar.

  • Razılaşdıqlarına əsasən hərəkətə keçirlər.

  • Sonda isə anlatdığınız fikri uzun müddətli həyat tərzinə çevirirlər.

Məhz ona görə dünyada barmaqla göstərilən bütün böyük brendlərin arxasında çox güclü bir hekayə – bir başqa sözlə, çox bacarıqlı “storyteller” komandaları var. Bu barədə Donald Miller "Building a StoryBrand: Clarify Your Message So Customers Will Listen" adlı kitabında, marketinqdə hekayə yaratmağın əhəmiyyəti və onun müştərilərlə güclü bağ qurmaq üçün necə istifadə ediləcəyi haqqında ətraflı izahlar verib. Məsələn, Apple, öz reklamlarında insan həyatına texnologiyanın qatdığı dəyəri vurğulayan hekayələr təqdim edir. Nike isə ilhamverici və emosional hekayələrlə öz auditoriyasını cəsarətli addımlar atmağa təşviq edir.

Niyə beyniniz hekayələrə bu qədər həssasdır?

İnsan beyninin "orijinal dili" hekayələrdir. Neyrobiologiya üzrə tədqiqatlar göstərir ki, hekayələr beynin emosional və qərarvermə mərkəzlərini aktivləşdirir. Məsələn, Princeton Universitetinin bir tədqiqatında, hekayə dinləyən insanların beynində nitq və emosiyalarla əlaqəli sahələrin sinxron aktivliyi müşahidə edilib. Bu, Jonathan Gottschall’ın "The Storytelling Animal" kitabında da vurğulanmışdır. Sözlər, rəqəmlər və faktlar tez unudulur, lakin hekayə yadda qalır. Beynimiz doğuşdan hekayə dinləməyə, hekayə əsasında düşünməyə meyillidir. Odur ki, bir işi ürəkdən görmək, ona canı-dildən inanmaq və bu inancı güclü hekayə forması ilə başqalarına çatdırmaq, çox vaxt gözlənilməz dərəcədə mükafatlandırıcı olur.

Növbəti Addım

Bu mövzunun daha dərin qatlarına – beynin storitellinqə niyə bu qədər sürətlə reaksiya verməsi və bu elmin marketinqdə, biznesdə, şəxsi brend quruculuğunda necə tətbiq edildiyi barədə real nümunələrə əsaslanan analizlər barəsində növbəti məqaləmdə ətraflı danışacağam.

Hələlik isə unutmayın: “Çox izlənən, çox oxunan və çox dinlənən” hər şeyin kökündə doğru qurulmuş hekayə və onun güclü danışıq tərzi dayanır.

----

Behbudlu Agency-nin Storitellinq əsaslı marketinq konsultasiya və xidmətləri haqqında daha ətraflı məlumat üçün buradan keçid edin.

İmamverdi Behbudlu ilə əlaqəyə keçmək üçün instaqram səhifəsini ziyarət edin.

More from this blog

B

Behbudlu Agency - Bloq

31 posts

Hekayə(ni) danışırıq...